MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Barselonada qeyd edilib

“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (ASB) təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə Barselona şəhərində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Kataloniya hökumətinin nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Barselonada yaşayan Azərbaycan diaspor cəmiyyətinin üzvləri iştirak ediblər.

Azərbaycan və İspaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanılan tədbirdə çıxış edən ASB-nin sədri Kərim Kərimov Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib, Azərbaycanın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşdığını bildirib.

Ermənistan-Azərbaycan münaqişəsindən danışan Kərim Kərimov Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Tədbirdə çıxış edən “Barselona Vəkillər Kollegiyası”nın üzvü hüquqşünas Xaviyer Medina Ortis Azərbaycan və İspaniya arasında güclənməkdə olan dostluq əlaqələrindən danışıb, ölkəsinin daima Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Sonda tədbirdə ölkəmiz haqqında videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində ölkəmizin zəngin tarixini, mədəniyyətini özündə əks etdirən jurnal, buklet və broşürlər paylanılıb.