MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!

İspaniyada Azərbaycan diasporunun yeni miqyasda təşkilatlanmasına start verilib

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov İspaniyanın Kataloniya Muxtar Respublikasında diaspor üzvləri ilə görüş keçirib. 

AAK-dan "Report"a bildirilib ki, görüş zamanı Barselona Azərbaycanlıları Cəmiyyətinin sədri Kərim Kərimov bölgədəki diaspor fəaliyyəti barədə məlumat verib.

O qeyd edib ki, cəmiyyətlərinin əksəriyyəti gənclərdir və Azərbaycan həqiqətlərinin İspaniyada təbliğində fəaldırlar: “Təşkilatımız İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir, Kataloniya və Qarabağ münaqişəsinin eyniləşdirmək və paralellik göstərmək istəyən erməni lobbisinə qarşı inadlı mübarizə aparır”. 

Son vaxtlar Kataloniyada erməni lobbisinin xeyli aktivləşdiyini deyən Kərimov İspaniyanın yerli siyasətçiləri ilə əlaqələri möhkəmləndirdiklərini bildirib. Barselona Azərbaycanlıları Cəmiyyətinin AAK-a üzvlük məsələsi də müzakirə olunub. 

Görüşdə İspaniyada Azərbaycan diasporunun yeni miqyasda təşkilatlanmasına start verilməsi ilə bağlı planlardan da danışılıb.

Sahil Qasımov daha sonra Barselonada İspaniyanın tanınmış hüquqşünası Xaver Medina Ortiz və xanımı Teresa Pinol ilə görüşərək onların Azərbaycan diasporu ilə əməkdaşlığını müzakirə edib. Azərbaycana xüsusi rəğbətini ifadə edən Xavier Ortiz Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında maraqlı olduğunu bildirib. 

Görüş zamanı AAK-ın İspaniya rəsmiləri və siyasətçiləri ilə əməkdaşlığın gücləndirilməsi də müzakirə olunub.

 

 

Varşavada AXC dövründə Azərbaycan-Polşa münasibətlərinə dair konfrans keçirilib

 Varşavada “Azərbaycan Xalq Cümhuriyyəti dövründə: Azərbaycan və Polşa xalqları arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi” mövzusunda konfrans keçirilib. 
Avropa Azərbaycanlıları Konqresindən (AAK) "Report"a bildirilib ki, konfrans AAK və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri Nail Əhməd, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, AAK vitse prezidentləri, Alman-Azərbaycan Mədəniyyəti cəmiyyətinin sədri Yaşar Nifətliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, AAK üzvləri, Finlandiya-Azərbaycan Assosiyasiyasının həmsədrləri - Vasif Muradlı və Arzu Muradlı, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva, Macarıstan Azərbaycan Cəmiyyətinin sədri Ramiz Əmirli, Polşanın bütün regionlarından olan təşkilat rəhbərləri, tələbələr iştirak edib.
Tədbirdə çıxış edən S.Qasımov bildirib ki, son illərdə Azərbaycan diasporunun fəallığı xeyli artib: "AAK son bir ildə bir neçə uğurlu layihələr həyata keçirib. Bu ölkələrdə güclü təşkilatlanma üçün əsasən də gənclərdən ibarət potensial var. Polşada Nail Əhmədin başçılığı ilə gənclərin təşkilatlanmasına başlanılıb". 
Konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakçılara təbrik müraciəti oxunub. Məktubda AAK-ın fəaliyyəti yüksək qiymətləndirilib. PAGŞ sədri N.Əhməd isə çıxışında 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Polşa fəallarının iştirakını, o cümlədən bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra bura mühacir edən azərbaycanlı şəxsiyyətlərdən bəhs edib: “Bu o deməkdir ki, polşalılar fəal azərbaycanlıları hələ 100 il əvvəldən tanıyırlar”. 
Daha sonra konfransda çıxış edən səfir H.Həsənov Polşada son illər Azərbaycanı və azərbaycanlıları özündə ehtiva edən 21 abidə ucaldığını bildirib. 
O əlavə edib ki, bunlardan biri məhz AXC-ə aid abidədir. Daha sonra o Polşada gənclərin fəallığından və səfirliyin dəstək verdiyi layihələrdən bəhs edib.
BUAK sədri R.Tağıyev isə şərqi Avropaya 100 il əvvəl mühacir edən azərbaycanlıların burada diasporun sonradan formalaşmasına verdiyi töhfədən danışıb. O bildirib ki, son günlər Azərbaycandan bəzi şəxslər xaricdəki diasporumuzla bağlı olduqca neqativ fikirləri yaymağa cəhd edirlər ki, bu da dünyadakı azərbaycanlıların ciddi narahatlığına səbəb olur: “Son 20 ildə Azərbaycan diasporu inkişaf yolu keçib və buna kölgə salmaq yalnız düşmənlərin maraqlarına işləyər”. 
Arzu 0qtay da həmkarının fikirlərinə dəstək olaraq Azərbaycan diasporuna qarşı xoşagəlməz fikirlərə görə sərt etirazını bildirib.
Konfrans qarşılıqlı müzakirələr ilə davam edib. Sonda AAK Avropa azərbaycanlıları milli birlik və AXC-100 ilə bağlı bəyanatı qəbul edilib. 
 
 
 
 Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı təqdimat keçirilib

 Türkiyənin İstanbul şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının (31 Mart - Azərbaycanlıları Soyqırımı Günü) 100 illiyi ilə bağlı tədbir keçirilib. 
AAK-dan "Report"a verilən məlumata görə, mərasim İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) və Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilati dəstəyi ilə baş tutub. 
İSTAD-ın sədri Səfər Qaraqoyunlu ermənilərin son 200 ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımılardan danışıb, Azərbaycanın Quba rayonunda bununla bağlı yaradılan tarixi məzarlıqdan bəhs edib. 
AAK-ın prezidenti Sahil Qasımov isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının100 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamını diqqətə çatdırıb: “Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 100 illiklə bağlı tədbirlər planı hazırlayıb. Ona görə də bunun tərkib hissəsi olaraq Moldovaya gedəcəyəm və orda da tədbirlər davam edəcək. Azərbaycanlılar iki əsrdir ermənilər tərəfindən soyqırımına məruz qalır. 1992-ci ildə törədilən Xocalı soyqırımı bunun davamının bariz sübutudur. Amma bu gün Azərbaycan artıq əvvəlki deyil, qüdrətli dövlətdir. Bu, ölkə Prezidenti İlham Əliyevin sayəsində mümkün olub. Ona növbəti seçkilərdə uğurlar arzulayıram”. 
 
 
Avropada azərbaycanlıların regional mərkəzləri yaradılır

Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı, Finlandiya-Azərbaycan Assosiyasiyasının ev sahibliyi ilə Helsinkidə Skandinaviya ölkələri üzrə azərbaycanlıların diaspor təşkilatlarının forumu keçirilib.
"Report" xəbər verir ki, forumda AAK prezidenti Sahil Qasımov konqresin bu ayın sonunda baş tutacaq növbədənkənar qurultayı barədə məlumat verib.
S. Qasımov qurultayın ardınca həyata keçiriləcək yeni layihələr, yeni hərəkatlar barədə də danışıb. AAK prezidenti həmçinin konqresin Avropanın regionları üzrə (Skandinaviya, Qərbi Avropa, Baltikyanı ölkələr, Şərqi Avropa və sair) mərkəzlərinin yaradılmasına start verildiyini açıqlayıb: "Tezliklə bu mərkəzlərin yaradılması başa çatacaq, rəhbərlər müəyyənləşəcək".
Daha sonra görüləcək işlərdən detallar üzrə bəhs edilib. Təşkilat rəhbərləri təkliflərini açıqlayıb. AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev bildirib ki, Avropa ölkələrinin parlament və dövlət rəsmiləri ilə görüşdə Azərbaycanın işğala məruz qalması, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma apararkən bunu qitənin özünün də məruz qaldığı separatçılıq faktları ilə müqayisəli şəkildə edilsin: “Yəni onlara aşılayaq ki, vaxtında Qarabağda baş qaldıran separatizmə diqqətlə yanaşılsaydı, qarşısı alınsaydı, proses bu gün belə kütləvi şəkildə Avropaya da sirayət etməzdi". R. Tağıyev AAK-ın maliyyələşdirilmə məsələsinin də birdəfəlik həll edilməsini təklif edib.
Finlandiya-Azərbaycan Assosiyasiyasının həmsədri Arzu Muradlı isə təmsil etdiyi təşkilatın bu il 10 ili tamam olmasını xatırladıb və yeni layihələrindən danışıb. O, AAK-a 2017-də qəbul etdiyi yol xəritəsini yerinə yetirmək, regionlarda təşkilatlanmanı sürətləndirmək və yerli siyasətçi və parlamentarilər ilə görüşləri intensivləşdirməyi təklif edib.
AAK icraiyyə komitəsinin üzvü, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva isə bildirib ki, sosial şəbəkələrdə kütləvi fəallığın artırılmalı, bu, konqresin adı ilə aparılmalıdır. O, qeyd edib ki, bunu müxtəlif dillərdə aparmaq lazımdır.
M. Fətəliyeva həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı AAK-ın həyata keçirəcəyi layihələrdən də danışıb. O, 100 il əvvəl şərqdə ilk dəfə olaraq qadına səsvermə hüququnun Azərbaycanda verilməsinin Avropa dairələrində təbliğinin vacibliyini bildirib.
AAK icraiyyə komitəsinin üzvü, İsveç Azərbaycan diasporunun rəhbəri Nadir Hollenbrand isə Avropanın tarixçiləri ilə daha çox işləməyə təklif edib: “Onsuz da siyasətçilər Azərbaycanın Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı həmişə dəqiq reaksiyalar vermirlər. Amma tarixçilər ilə bunu çox yüksək səviyyədə işləmək olar. Biz bunların tarixçilərinə faktları təqdim etsək, bunun çox ciddi nəticəsi olacaq".
Forumda Yaşar Niftəliyev( Almaniya), Təranə Nəzərova (Finlandiya), Səfər Sadiqi (Danimarka) və digərləri də fikirlərini səsləndiriblər.